10/10/2012 08:33

Rusiya raketdaşıyan gəmisi Bakı limanında

FOTOLARRusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” raket gəmisinin başçılıq etdiyi gəmilər dəstəsi Bakıya gəlib. “AzeriDefence.com” saytının məlumatına görə, raket gəmisini MB-58 yedək gəmisi müşayiət edir.

Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskinin rəhbərlik etdiyi səfərdə məqsəd Xəzərdə Rusiya və Azərbaycan dənizçilərinin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Səfər proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, birgə idman tədbirləri, həmçinin Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı yer alır.

Bakı Beynəlxalq Dəniz Limanında “Tatarıstan” gəmisinin qarşılanma mərasimi olub. Rusiya nümayəndə heyətini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov qarşılayıb. Mərasimdə Rusiyanın Azərbaycandakı səfiri, hərbi attaşesi, habelə Azərbaycan HDQ-nin nümayəndələri iştirak ediblər.

Bu gün Rusiya nümayəndə heyəti Azərbaycan HDQ-nin qərargahında olacaq. Həmçinin Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə baş çəkəcəklər. Sabah isə Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Dövlət Bayrağı Meydanı ziyarət olunacaq. Azərbaycan HDQ-nin rəhbərliyi Tatarıstan gəmisinə baş çəkəcək. Oktyabrın 10-u günün sonunda Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin gəmiyə tanışlıq səfəri düzənlənəcək. Gəmilər dəstəsi Bakını oktyabrın 11-də tərk edəcək.

Qeyd edək ki, 11661 layihəli “Gepard” sinfli döyüş gəmisi olan “Tatarıstan” gəmisinin çəkisi 1930 ton, uzunluğu 102 metrdir. Hazırda Xəzərdə ən güclü hərbi gəmi hesab olunan “Tatarıstan” raket, zenit-raket və artilleriya silahlarına malikdir. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayığa qarşı 533 mm-lik torpedalar quraşdırılıb.

Xatırladaq ki, Rusiya hərbi dənizçiləri Bakı limanını 1992-ci ildə tərk ediblər.