22/11/2016 10:02

Rusiya SSRİ-dən qalan hərbi gəmilərin 22 faizini istifadəyə yararlı saxlaya bilib

Rusiyaya SSRİ dağılarkən miras qalan hərbi gəmilərin böyük hissəsi, atom sualtı qayıqları da daxil olmaqla, ötən 25 ildə təmir baxım işlərinin aparılmaması və donanma rəhbərliyinin diqqətsizliyi ucbatından sıradan çıxıb.

“AzeriDefence”nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, SSRİ dağlarkən Rusiyaya donanmadan 438-i döyüş gəmisi olmaqla ümumilikdə 796 gəmi miras qalıb. Lakin 2011-ci ildə Rusiyanın dövlət müdafiə sifarişləri üçün hazırlanan məruzə zamanı 100-ü döyüş olmaqla, 169 gəminin donanma sıralarında istifadəyə yararlı olduğu müəyyənləşib.

Belə ki, həmin dövrdə Rusiya HDQ-nin istifadəsində ballistik raketlərlə silahlandırılmış atom sualtı qayıqlarının sayı 12 (1991-ci ildə 62 olub), qanadlı raketlərlə silahlandırılmış atom sualtı qayıqlarının sayı 28 (135 olub), digər dənizaltıların sayı isə 69 (358-dən) ədəd olub.

SSRİ donanmasında olmuş 4 aviadaşıyıcıdan Rusiya hazırda yalnız birini, 112 desant gəmisində 21-ni, 40 kreyserdən 6-nı, 57 esminesdən 18-ni, 32 freqatdan 5-ni, 193 korvetdən 49-nu qoruyub saxlaya bilib. 2000-ci ildən 2015-ci ilədək isə Rusiya HDQ və Sərhəd Qoşunları üçün müxtəlif ölçülü (20 metrdən 118 metrədək) cəmi 15 gəmi inşa olunub.