18/10/2017 18:58

Rusiya Su-34 döyüş təyyarələrin yeni partiyasını alıb

Rusiya Müdafiə Nazirliyi Su-34 qırıcı-bombardmançı təyyarələrin növbəti partiyasını alıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, Novosibirsk aviasiya zavodunun aerodromundan havaya qalxan Su-34 döyüş təyyarələrinin yeni partiyası Hava Kosmik Qüvvələrinin texnika parkına yollanıb.

Məlumatda təyyarələrin sayı açıqlanmasa da, bu il istehsalçı müəssisə tərəfindən Rusiya Hava Kosmik Qüvvələrinə 16 ədəd Su-34 təyyarəsinin çatdırılması planlaşdırılırdı.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi “Suxoy” şirkəti ilə 2020-ci ilədək 92 ədəd Su-34 tipli cəbhə bombardmançı təyyarəsinin çatdırılmasına dair müqavilə imzalayıb. Bu 2011-2020-ci illərdə silahlanma üzrə Dövlət Proqramında nəzərdə tutulmuş döyüş aviasiya texnikasının ən böyük çatdırılma müqaviləsidir.

Su-34 dördüncü nəsl döyüş təyyarləri sırasına aiddir. Saatda 1900 km/sürətlə uçan bu təyyarənin maksimum uçuş məsafəsi 4 min km-dir. Təyyarə 30 mm-lik aviasiya topu, “hava-hava”, “hava-yer” idarə olunan raketləri, aviasiya mərmisi, o cümlədən müxtəlif təyinatlı mərmilərlə təchiz olunub. Su-34 təyyarəsi 8 tona qədər faydalı yük tutumuna malikdir.

Həmçinin təyyarə günün və gecənin istənilən vaxtı hava hədəflərini istənilən meteoroloji şəraitdə məhv etmək imkanına sahibdir. Su-34-ə inteqrasiya olunan REM sistemi sayəsində təyyarə maksimum səviyyədə zenit-raket komplekslərindən və RLS-lərdən yayına biləcək. Bununla da təyyarə yalnız döyüş tapşırıqlarını deyil, həm də radioelektron mübarizəni də həyata keçirə biləcək. Zirehli təyyarə havada əlavə yanacaqdoldurma sistemi ilə də təchiz olunub.