21/09/2015 09:20

Rusiya Suriyaya hərbi yardımı artırıb

Rusiya Suriyaya çoxlu sayda silah-sursat, o cümlədən hərbi texnika göndərib.

“AzeriDefence”nin məlumatına görə, Rusiya mediası yazır ki, bu ilin avqustundan başlayaraq, Suriyaya hərbi texnikanın göndərilməsi proses daha da güclənib. Rusiya həm hava, həm də dəniz yolu ilə Bəşər Əsəd hökumətinə müxtəlif tipli hərbi texnikalar çatdırır.

ABŞ isə Rusiyanın bu addımından narahatlığını bildirib. Elə buna görə də ABŞ müttəfiqi olan Bolqarıstan öz hava məkanından Rusiyaya istifadə etməyə icazə verməyib.

Rəsmi Moskvadan bildirilib ki, Sofiya Rusiyadan Suriyaya gedəcək hərbi nəqliyyat təyyarələrinin uçuşuna icazə verməyib. Bu səbəbdən də Rusiya İrak və İran ərazisindən istifadə edəcək.

Rusiya isə deyib ki, hərbi texnika İŞİD-ə qarşı əməliyyatlarda Suriya hökumətinə dəstək olaraq göndərilir.

Xatırladaq ki, artıq sosial şəbəkələrdə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-78 nəqliyyat təyyarələrinin Suriyaya mütəmadi uçuşlar həyata keçirdiyinə dair video görüntülər yayılıb. Görüntülərdə Su-30, Su-24 döyüş təyyarələrinin də Suriya səmasında uçuşlar həyata keçirtdiyi də var. Bundan başqa Suriyada əməliyyatlarda Rusiyanın xüsusi təyinatlılarının iştirakına dair də video-faktlar artmaqdadır.