31/12/2012 13:19

Rusiya T-90MS tankını təqdim edib

Rusiyanın “Ural vaqon zavodu” müdafiə konserni T-90 tank ailəsindən radikal dəyişdirilmiş yeni model T-90MS tankını təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə, Çinə məxsus www.mil.news.sina.com.cn portalı bu barədə məlumat yayıb.

Maşın 2А46 ailəsindən 125 millimetr yivsiz lüləli topun son modifikasiysı olan 2А46М5 topu ilə təchiz edilib. Yeni istehsal proseslərinin tətbiqi nəticəsində topun lüləsinin atış ömrü artırılaraq 1200 atışa çatdırılıb. Təkmilləşdirilmiş atəşi idarə sisteminin sayəsində atışın dəqiqliyi 15-20% yüksəldilib.

Bundan başqa, tankın silah tərkibinə atış uzunluğu 5 km-ə çatan 9M119M1 tank əleyhinə idarə olunan raketləri daxil edilib ki, bu da 950 millimetr qalınlıqda homogen zirehi deşə bilir. Tank “Kalina” adlı atəşi idarəetmə sistemi, yeni rəqəmli ballistik hesablayıcı və termal nişangahla təchiz olunub. Tank həmçinin 7,62 millimetr çaplı distans idarə olunan pulemyota malikdir.

T-90MS-in zireh müdafiəsi T-90S-dən əhəmiyyətli dərəcədə fərqlənmir, amma bu tank reaktiv və aktiv zirehin yeni nəsli ilə təchiz edilə bilər. Tank şəhər şəraitində döyüşlər nəzərə alınaraq hazırlanıb. T-90MS tankının bir ədədinin qiymətinin4 milyon ABŞ dollarından çox olacağı gözlənilir.