06/03/2012 09:54

Rusiya “Tornado-Q” reaktiv atəş sistemini qəbul etməyə hazırlaşır

Rusiya Silahlı Qüvvələri bu il “Tornado-Q” adlı yeni reaktiv atəş sistemlərini (RAS) silahlanmaya daxil etməyi planlaşdırır. “AzeriDefence”nin Rusiya hərbi mediasına istinadən verdiyi məlumata görə, hazırda “Motovilixinski” zavodunda istehsal mərhələsində olan yeni RAS-ların 36 maşından ibarət ilk partiyası bu ilin aprel-may aylarında keçiriləcək dövlət sınaqlarından sonra orduya təhvil veriləcək.

Mütəxəssislərin sözlərinə görə, “Tornado-Q” faktiki olaraq “Qrad” sisteminin müasir variantıdır. İstehsalçı müəssisənin iddiasına görə, “Tornado-Q” qarşıdakı illərdə Rusiya Quru Qoşunlarının ən güclü silahı olacaq. 122 mm-lik raketlərdən atəş açacaq yeni RAS “Qrad”la müqayisədə 2,5 dəfə artırılmış atəş uzaqlığına malikdir. Bu da təxminən 90-100 km məsafə deməkdir. Atış uzaqlığı əsasən raketlərin müasirləşdirilməsi hesabına əldə olunub.

“Arms-Expo” portalının məlumatına görə, “Tornado-Q” sistemində raketlərin əvvəlki qabaritləri saxlanılıb. Lakin raketlərin start mühərrikinin yükü dəyişdirilib. Raketinin korpusunda da dəyişiklik edilib. Bundan başqa, yeni raketlərdə uçuşu idarə etmək üçün mikrosxem qurulub. Bununla da raketlər NURS deyil URS (idarə olunan reaktiv mərmilər) sinfinə daxil edilib.

“Tornado-Q” “Ural” və ya KAMAZ maşınının bazasında qurula bilir. Sürəti 60 km.saat, tam hazırlıqlı hərəkət uzaqlığı 650 kilometrə qədər, döyüş vəziyyətində maşının çəkisi 25 tondur. Yaylım atəşi zamanı raketlər bir b irindən 4-5 km uzaqlıqda uçuşlar edir.

Yeni idarə sistemi döyüş sursatlarının bir yaylımda ərazinin üzərində və ya təyin edilmiş hədəfin səthində partlamasını təmin edə bilir. Bu halda bir yaylımla açıq sahədə 5×5 km ərazidə dağıtma qabiliyyəti əldə olunur. RAS-ın döyüş tətbiqi iki ədəd çıxarılıb-birləşdirilə bilən blokdan ibarətdir. Hansı ki, blokların hər biri 15 reaktiv mərmi yerləşir.

“Tornado-Q” döyüş zamanı topoqrafiya ilə yanaşı peyk naviqasiyasından da istifadə edə bilir.