05/10/2017 20:21

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

Səudiyyə Ərəbistanı Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksləri alır

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.

“AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, saziş Səudiyyə Ərəbistanının kralı Salman Abdül Əziz əl Saudun Moskvaya səfəri çərçivəsində imzalanıb.

Ölkələr arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlıq və araşdırmaya dair razılığa gəlib. Tərəflər arasında bağlanan digər müqaviləyə əsasən Rusiya Səudiyyə Ərəbistanına S-400 “Triumf” zenit-raket komplekslərinin (ZRK) satışını həyata keçirəcək.

Bundan başqa, Səudiyyə Ərəbistanının Hərbi-Sənaye Kompleksi ilə Rusiyanın “Rosoboroneksport” Dövlət Şirkəti arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan müqavilə imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına “Kalaşnikov” Konsernin istehsalı olan AK-103 avtomatının və müxtəlif çaplı güllələrin istehsalı üçün lisenziya da verəcək.

Ölkə tarixində Rusiyaya ilk səfər edən kral Salman Abdül Əziz əl Saudun Moskvaya rəsmi səfəri oktyabrın 7-də başa çatacaq. KİV-də yer alan məlumata görə, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi əməkdaşlığa dair 3 milyard ABŞ dolları dəyərində müqavilə imzalanacağı gözlənilir.