29/11/2012 13:10

Rusiya Xəzərə daha 3 yeni desant kateri gətirəcək

Rusiya yaxın iki ildə Xəzər dənizinə 11770 “Serna” layihəli üç desant kateri daxil etməyi planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya mediası Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Kater 45 tona qədər ümumi kütləyə malik döyüş texnikasının, həmçinin tam silahlı 92 nəfər desantın nəqli, sahilə çıxarılması üçün nəzərdə tutulub.

Hazırda Xəzər flotiliyasının silahlanmasında bu sinifdən 5, Qara dəniz Flotiliyasının silahlanmasında 1, Baltik Flotiliyasının silahlanmasında isə 1 ədəd desant kateri yer alır.

Desant katerinin yüksüz çəkisi 61 ton, uzunluğu 25,8 m, eni 5,8 metrdir. İki ədəd M503A tipli dizel mühərriki (8000 at gücündə) ilə təchiz olunmuş desant katerinin maksimal sürəti 30 mil təşkil edir.