11/10/2017 12:52

Rusiya yeni İl-76MD-90A təyyarəsinin seriyalı istehsalına başlayacaq

Rusiya 2021-ci ildən etibarən yeni İl-76MD-90A hərbi-nəqliyyat təyyarəsinin seriyalı istehsalına başlayacaq.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) üçün 150-200 ədəd İl-76MD-90A hərbi-nəqliyyat təyyarəsi istehsal etməyi planlaşdırır.

Bildirilib ki, ilk 39 ədəd təyyarə 2021-ci ildə, daha sonra hər il 21 ədəd təyyarənin hazırlanıb sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub.

Rusiya Hərbi-Kosmik Qüvvələrinin aviasiya parkında hazırda 144 ədəd İl-76 təyyarəsi var. Bunlardan 14 ədədi ötən on il ərzində MD-90 standartı səviyyəsinə yüksəldilib.

İl-76-MD-90A təyyarəsi İl-76MD modelindən qanadına görə fərqlənir. Təyyarə rəqəmli nişanlama-naviqasiya kompleksi, avtomatik idarə etmə sistemi və müasirləşdirilmiş yeni mühərriklərlə təchiz olunub. Bu təyyarədən perspektivdə təyyarə-yanacaq dolduran və yeni A-100 radiolokasiya patrul təyyarəsi üçün platforma kimi istifadə etmək planlaşdırılır.