07/11/2017 17:02

Rusiya yeni kəşfiyyat döyüş maşını hazırlayır

Rusiya BMP-3 zirehli transportyorun bazasında yeni kəşfiyyat döyüş maşını hazırlayır.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Quru Qoşunların Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Маrusin qeyd edib ki, BMP-3 piyadaların döyüş maşınının şassisi üzərində aparılacaq dəyişikliklər zamanı, ən yeni texnologiyadan istifadə ediləcək.

Bildirilib ki, Rusiya Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün hazırlanan zirehli maşınların yenilənmə işləri yaxın vaxtlarda tam şəkildə yekunlaşdırılacaq.

“BMP-3 üzərində aparılacaq işlər ən müasir texniki vasitələrlə təchiz olunması ilə daha çox fərqlənəcək. Yeni texnikaya termal kamera, məsafə ölçən və müasir radar sistemlərinin quraşdırılması planlaşdırılır”, – deyə mətbuat xidmətinin məlumatında vurğulanıb.

Zirehli maşına qurulan yeni sistem sayəsində pilotsuz uçuş aparatlarını təyin etmək mümkün olacaq. Yeni transportyorun əsas üstünlüklərindən biri də peyk naviqasiya sistemi sıradan çıxdıqda, öz koordinatlarını təyin etmək imkanı olacaq.