02/03/2018 19:09

Rusiya yeni yaradılan silahlarını təqdim edib – VİDEO

Rusiya yeni yaradılan silahlarını nümayiş etdirib.

“AzeriDefence”nin Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiyanın sənaye müəssisəsində yaradılan yeni lazer silah kompleksləri Ordunun silahlanmsına verilib.

Bundan başqa, Rusiyada pilotsuz sualtı aparatlar hazırlanıb. Böyük dərinlikdə və sürətlə qitələrarası uzaqlığa hərəkət etmək imkanında olan aparatın sualtı gəmilərin, ən müasir torpedaların və hətta ən sürətli suüstü gəmilərin bütün növlərindən sürətli olduğu bildirilir.

Məlumatda o da qeyd olunub ki, aşağı səslə işləyən pilotsuz sualtı aparat yüksək manevr qabiliyyətinə sahibdir və rəqib üçün praktik olaraq əlçatmazdır. Pilotsuz sualtı aparatlar adi, həm də nüvə döyüş sursatları kimi təchiz edilmiş ola bilər. 2017-ci ilin dekabrında sözügüdən aparatların sınaqları keçirilib və uğurla başa çatıb. Aparat müasir nüvə sualtı gəmilərindən yüz dəfə daha kiçik həcmdədir və döyüş effektliyi 200 dəfədən çoxdur.

Müdafiə Nazirliyinin məlumatına görə, 2017-ci ilin sonunda Rusiya həmçinin yeni qanadlı raketinin də sınaqlarını müvəffəqiyyətlə keçirib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxışında ölkədə hərbi sənayenin inkişafından danışıb. O bildirib ki, Rusiya raketdən müdafiə sistemlərinin qeydə ala bilmədiyi və ballistik trayektoriyadan istifadə etməyən strateji silah növlərinin, yüksək dəqiqliyə malik hipersəs aviasiya-raket kompleksinin, qitələrarası “Smart” ballistik raketlərinin, məhdudiyyətsiz hərəkət radiusu və əvvəlcədən müəyyən edilməyən uçuş trayektoriyası olan nüvə enerjili qanadlı raketlərin istehsalına başlayır.