29/09/2017 13:07

Rusiyada hərbi çağırışçıların sayı 20 min nəfər azalıb

Rusiya Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətə çağırışçıların sayını azaldıb.

“AzeriDefence” “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Silahlı Qüvvələr Baş Qərargahının Səfərəbərlik idarəsinin rəis müavini, general-leytenant Yevgeni Burdinski deyib. Y.Burdinskinin sözlərinə görə, Rusiyada demək olar ki, ilk dəfə çağırışçıların sayı 20 min nəfər azalıb. Bildirilib ki, bundan əvvəl Rusiya prezident Vladimir Putin 2017-cu ilin payızında 134 min nəfərin hərbi xidmətə çağırış haqqında fərman imzalayıb. Bir il əvvəl isə payız çağırışçıların sayı 152 min nəfər olub.

Çağırışçıların sayının əhəmiyyətli dərəcədə azalması, müqavilə üzrə hərbi xidmət keçən hərbi qulluqçuların sıravi və çavuş heyəti vəzifələrinin komplektləşdirilməsi nəticəsində baş verib. General vurğulayıb ki, elmi və idman bölüklərinin komplektləşdirməsi işləri davam etdiriləcək. Onun sözlərinə görə, bu gün 12 elmi bölük fəaliyyət göstərir, həmin bölüklərdə 648 nəfər xidmət edir. Bundan əlavə dörd idman bölüyü də işlərini davam etdirir, bu bölüklərdə də, 381 nəfər xidmət edir.

General leytenant xatırladıb ki, yanvarın 1-də “Hərbi vəzifə və xidmət haqqında” Federasiya qanunlarına edilmiş dəyişiklik qüvvəyə minib. Bu il uzaq şimal rayonlarının siyahısı dəqiqləşdirilib və vətəndaşların hərbi xidmətə çağırışı ildə bir dəfə (yazda və ya payızda) həyata keçiriləcəkdir. General həmçinin qeyd edib ki, bütün çağırışçılar qoşunlara göndərilməmişdən əvvəl gündəlik geyim formasını dəyişəcəklər. Hərbi Dəniz Qüvvələri üçün qara rəng, digər növ qoşunlar üçün xaki rəngli geyimlərin olması nəzərdə tutulub.