05/01/2018 09:45

Rusiyada təyyarədən atıla bilən yeni zirehli maşın yaradılıb

Rusiyada Hava-Desant Qoşunları üçün 4×4 təkər formuluna malik yeni zirehli maşın hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Tayfun-VDV” adı verilən yeni maşın “Tayfun” minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitəsinin bazasında yaradılıb.

“Tayfun-VDV”  zirehli maşının analoqlarından əsas fərqi təyyarədən atılması üçün nəzərdə tutulan yeni paraşüt-desant sistemi ilə təchiz olunmasıdır.

Sistem müəyyən edilmiş quru əraziyə döyüş maşınlarının (şəxsi heyətlə birgə) atılması üçün təyinatlıdır. Sistem İl-76 və modifikasiyada olan təyyarələrə inteqrasiya olunur. Sistem döyüş maşınını və şəxsi heyəti təhlükəsiz şəkildə müəyyən olunmuş əraziyə döyüş hazırlığı vəziyyətində düşməsinə imkan yaradır.

Məlumatda o da qeyd olunub ki, hazırda “Tayfun-VDV” maşınının eksperimental nümunəsinin sınaqları keçirilir. Nəqliyyat vasitəsinin seriyalı istehsalına 2019-cu ildə başlanılması planlaşdırılır.