30/09/2017 11:32

Rusiyada üç hərbçini öldürüb, ikisini yaralayan əsgər zərərsizləşdirilib

Rusiya Müdafiə Nazirliyinin Amur vilayətində yerləşən hərbi hissəsində atışma olub.

“AzeriDefece”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şərq hərbi dairəsinin mətbuat xidməti bildirib.

Məlumatda bildirilir ki, hadisə Beloqorsk şəhəri yaxınlığında yerləşən poliqonda gecə təlim atışları zamanı baş verib. Dağıstan sakini, 1994-cü il təvəllüdlü əsgər Həsən Əbdüləhədov avtomat silahdan hərbçilərə atəş açıb.

Nəticədə 3 nəfər yerindəcə ölüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri zabit, ikisi əsgər olub. Daha sonra poliqonu silahla tərk edən əsgər tutulma anında müqavimət göstərib və antiterror qrupuna atəş açıb, cavab atəşi ilə əsgər Həsən Əbdüləhədov öldürülüb.

Faktla bağlı Rusiya Müdafiə Nazirliyinin İstintaq Komitəsində tədqiqat aparılır. Müdafə Nazirliyindən bildirilib ki, həqiqi hərbi xidmətə yeni gəlmiş gənc əsgər barəsində, əsəb pozğunluğu daxil olmaqla müxtəlif versiyalar üzərində araşdırma aparılır.