05/10/2017 13:25

Rusiyanın A-100 AWACS təyyarəsinin yaradılma işləri tamamlanmaq üzrədir

Rusiyanın “Taqanroq” aviasiya elmi-texniki kompleksində hazırlanan yeni A-100 Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarəsinin yaradılması üzərində işləri tamamlanmaq üzərədir.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu müəssisəni ziyarət edən müdafiə nazirinin müavini, ordu generalı Yuri Borisov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, A-100 radiolokasiya patrul təyyarəsi 2017-ci ilin sonuna qədər ilk uçuş sınaqlarını keçirəcək. Y. Borisov qeyd edib ki, AWACS-ın bütün sınaqları tamamlandıqdan sonra, 2020-ci ildə ordunun istismarına veriləməsi planlaşdırılır.

Bildirilib ki, yeni A-100 radiolokasiya patrul təyyarəsi İl-76MD-90A təyyarəsinin bazasında yaradılıb. Təyyarəyə quraşdırılan radar sistemi hərəkət edən və hərəkətsiz yerüstü, dəniz hədəfləri, müxtəlif obyektləri, helikopterləri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar və nəzarət edilməsinə imkanı verir.

Ordu generalı Yuri Borisov həmçinin Tu-95MS və Tu-142 strateji bombardmançı təyyarələrinin təmiri və müasirləşdirməsi işlərinin gedişatı ilə tanış olub.