09/04/2013 09:33

Rusiyanın çıxışından sonra Azərbaycanın silah bazarı – ARAŞDIRMA

Azərbaycanın Rusiya ilə silah danışıqlarını dayandırması xəbərindən sonra bölgə bazarından pay əldə etmək istəyən yeni firmaların və bu bazarda çalışan bir sıra ölkələr Azərbaycana yönəlik araşdırmalara başlayıblar. Rusiya kimi böyük bir oyunçunun hədsiz silah ehtiyacı duyulan Azərbaycan bazarından çıxarılmasından sonra, ortaya çıxan boşluğun hansı dövlətlərin hesabına aradan qaldırılacağı sualı meydana çıxıb.

Azərbaycan hökumətinin adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxslərindən biri AZERİ DEFENCE-yə bildirib ki, rəsmi Bakının Rusiya silah və texnikalarından imtina qərarı cari ilin əvvəllərində verilib. Buna qədər tərəflər bir sıra məsələlər ətrafında danışıqlar aparıblar, hansı ki o layihələr realizasiyaya daha yaxın olub. Danışıqların dayandırılması və yeni rus silahlarından imtina edilməsi ilkin xəbərlərdə qeyd olunduğu kimi, tək Qəbələ RLS danışıqları ilə bağlı deyil. Burada Rusiya tərəfindən son zamanlar rəsmi Bakıya siyasi basqıların artması, Azərbaycan sərhədlərində müəyyən güc nümayişləri, azsaylı xalqların nümayəndələrinin Azərbaycana qarşı qaldırılması cəhdləri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həmsədr ölkə olaraq konkret mövqe ortaya qoymaması, müqabilində Ermənistanın silah və hərbi texnika ilə gücləndirilməsi və təhrik edilməsi və s. də müəyyən rol oynayır. Eləcə də Azərbaycan tərəfi alınmış aviasiya və HHM sistemlərinin müəyyən kodlarının Ermənistana sızdırılması ehtimalına da əsaslanıb. Bununla belə, rəsmi Moskva ilə siyasi münasibətləri maksimum səviyyədə qoruyub saxlamağa çalışan Azərbaycan hökuməti bu sahədə hansısa əməkdaşlığın mümkünlüyünü də istisna etmir.

Hökumət rəsmisinin sözlərinə görə, bütün bunlara baxmayaraq əvvəlki illərdə tərəflər arasında imzalanmış müqavilələr üzrə çatdırılmalar davam etdiriləcək. Çünki rəsmi Bakı sifariş verilmiş silah və texnikanın ödənişini öncədən və nağd ödəyir.

Qeyd edək ki, AZERİ DEFENCE tərəfindən “Rusiyanın çıxışından sonra Azərbaycanın silah bazarı” adlı araşdırma hazırlanıb. Araşdırma ödənişlidir. Maraqlananlar [email protected] ünvanına yazmaqla əlaqə saxlaya bilərlər.