30/06/2016 13:52

Rusiyanın Ermənistana kreditlə verdiyi silahların göndərilməsinə başlanılıb

Ötən ilin əvvəlində rəsmi Moskva ilə İrəvan arasında əldə olunan razılaşmaya əsasən Rusiyanın kreditlə verdiyi silahlar Ermənistana göndərilməyə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu erməni KİV-nə açıqlamasında Ermənitanın müdafiə naziri Seyran Ohaniyan deyib.

O bildirib ki, 200 milyon ABŞ dolları dəyərində silah və texnikanın ilkin partiyası Ermınistana daxil olub. Alınması nəzərdə tutulan silahların 80 faizinin gətirilməsinə dair əlavə sənəddə imzalanıb.

Xatırladaq ki, Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.

Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.

Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.