21/07/2012 12:40

Rusiyanın Qəbələ RLS-in statusuna mane olan təklifi – EKSKLÜZİV

Bakı VORONEJə yox deyir?Qəbələ radiolokasiya stansiyası (RLS) ilə bağlı Azərbaycan və Rusiya arasında yeni müqavilənin imzalanmasına mane olan məsələlərdən daha biri bəlli olub. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətinin adının çəkilməsini istəməyən nümayəndəsi məlumat verib.

Hökumət rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın Qəbələ RLS-dəki mövcud stansiyanın ləğv edilməsi və yeni və mobil stansiya ilə əvəz edilməsi təklifinə razılıq vermir. Bu da öz növbəsində danışıqların uzanmasına səbəb olur.

Rəsmi Bakı hesab edir ki, hazırkı şəraitdə modernizasiya işləri aparmaqla Rusiya mövcud stansiyaların resursundan daha 10-12 il ərzində istifadə edə bilər. Rusiya isə “Dəryal” tipli stansiyaları növbəti icarə müddətində müasir “Voronej” stansiyaları ilə əvəz etmək niyyətindədir. “Voronej”ləri istənilən zaman asanlıqla sökmək və istənilən yerə daşımaq mümkündür. Bu da öz növbəsində gələcəkdə hərbi obyektin statusuna dair müzakirələrdə Azərbaycanı prinsipcə Rusiyanın dedikləri ilə razılaşmağa məcbur edə bilər.

Məlumat verən mənbənin sözlərinə görə, Rusiyanın stansiyanın icarəsindən əl çəkmək niyyəti yoxdur. Hətta stansiyaların əvəzlənməsi müqabilində Azərbaycanın irəli sürdüyü daha yüksək icarə haqqı ilə də razı olması mümkündür.