11/11/2017 10:15

Rusiyanın Tu-160 strateji döyüş təyyarəsinin yeni prototipi yaradılıb

Rusiyanın Tu-160 strateji bombardmançı təyyarəsinin müasirləşdirilmiş prototipi hazırlanıb.

“AzeriDefence”nin BMPD-yə istinadən verdiyi məlumata görə, 0804 Tu-160M2 seriya nömrəli yeni prototip cari ilin noyabrında Kazan aviasiya zavodunun uçuş-sınaq mərkəzinə daxil ediləcək.

Rusiya Hərbi Kosmik Qüvvələrin komandanı Viktor Bondaryevin sözlərinə görə, yeni prototipin ilk uçuşu 2018-ci ilin fevralında zavodun aerodromundan olacaq.

Bildirilib ki, Hərbi Kosmik Qüvvələrin invertarında hazırda 16 ədəd Tu-160 strateji döyüş təyyarələri yer alır. Bu təyyarələrin modernizasiyası ilə yanaşı əlavə 50 ədəd Tu-160M2-nin istehsalı nəzərdə tutulub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Tu-160M2 strateji döyüş təyyarələrinin seriyalı istehsalına 2023-cü ildə başlanacağı planlaşdırılıb.

Qeyd edək ki, “Tupolev” şirkətinin istehsalı olan Tu-160 (NATO kod adı Blackjack) səsdən sürətli və dəyişkən quruluşa malikdir. Tu-160 quruluş olaraq Amerikan istehsalı B-1 “Lancer”ə oxşasa da, ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətli hesab olunur.