11/09/2017 16:36

Rusiyanın Xəzər Flotiliyasının gəmiləri Qazaxıstana gəlib

Qazaxıstan və Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Rusiyanın Xəzər Flotiliyasının gəmiləri Qazaxıstana qeyri-rəsmi səfər həyata keçiriblər.

“AzeriDefence” xəbər verir ki, bu haqda Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Qazaxıstanın ərazi sularına girmə nöqtəsində, Rusiyanın Xəzər Flotiliyasının gəmilər dəstəsinin qarşılanma mərasimi, Qazaxıstan Hərbi Dəniz Qüvvələrlərinin hərbi gəmiləri tərəfindən həyata keçirilib. Gəmilər dəstəsi 2-ci dərəcəli kapitan Andrey Polyakovun rəhbərliyi altında Qazaxıstana gəlib. Dəstə tərkibinə daxil olan “Velikiy Ustyuq” kiçik raket gəmisini “MB-58″ yedək gəmisi müşayiət edib.

Qeyd olunub ki, kiçik raket gəmisi 21631 layihəli «Velikiy Ustyuq” (kod adı “Buyan-M”) yüksək dəqiqlikli, müasir növ raketlərlə təchiz olunub. Bu raketlərdən Rusiya qoşunları tərəfindən Suriyada İŞİD terror qruplaşmasına qarşı istifadə edilib. “MB-85” yedək gəmisi isə açıq dənizlərdə qəzaya uğramış (yanğın söndürülməsində, dayazlıqdan çıxarma, suyun çəkilməsində, çətin vəziyyət zamanı yedəyə almaq) gəmilərə yardım edilməsi üçün nəzərdə tutulub.

Səfər prqoramı çərçivəsində, Aktau beynəlxalq dəniz ticarət limanında gəmilərin yan alması, Aktau şəhərinin sakinləri ilə görüş, hərbi gəmilərlə yaxından tanışlıq, eləcə də Qazaxıstan və Rusiya donanmaları arasında yarışların təşkil olunması və Aktau şəhərində təntənəli mərasimin keçirilməsi daxildir.

Divizion komandiri 3-cü dərəcəli kapitan Kaliyev Dastan Kaldıbekoviç Rusiya gəmilərinin Qazaxıstana gəlişi münasibətilə bildirib ki, bu kimi səfərlər artıq xoş bir ənənəyə çevrilib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmilərinin təlim-yürüş çərçivəsində Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün Qazaxıstandan sonra, Azərbaycana səfər edəcəyi planlaşdırılıb.

Məlumata görə, 25 günlük yürüşdə gəmi dəstəsinin məqsədi Xəzər dənizində Rusiya gəmilərinin hərbi-dəniz mövcudluğunu təmin etməkdir. Həmçinin gəmilərin ekipajları neft və qaz hasilatı sənayesi obyektlərinin qanunsuz silahlı qruplaşmalar tərəfindən mümkün təhlükələrdən müdafiəsi üzrə iki günlük təlim keçirəcək.

Dəniz təlim-yürüşü zamanı “Velikiy Ustyuq” kiçik raket gəmisi və təchizat gəmilərinin ekipajları birgə manevr etmə, axtarış-xilasetmə təminatının elementləri, dəniz, hava və sahil hədəfləri üzrə artilleriya atışıyla döyüş tapşırıqları keçirəcək. Gəmilərin yürüş zamanı Xəzər dənizində 2000 mildən çox məsafə qət edəcəyi planlaşdırılıb.