29/04/2017 13:04

S-300 ZRK-lərin İrana çatdırılması başa çatıb

Rusiya İrana satılan S-300 zenit-raket kompleksinin (ZRK) son partiyasını bu ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinə təhvil verib.

“AzeriDefence”nin məlumatına görə, bunu istehsalçı şirkət olan “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov bildirib.

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçən iclasda çıxış edən Sergey Çemezov qeyd edib ki, S-300 zenit-raket komplekslərinin tam olaraq İrana çatdırılması başa çatıb.

Qeyd edək ki, Rusiya ilə İran S-300 raketlərinin alğı-satqısı ilə bağlı 2007-ci ildə saziş bağlasalar da qərbin təzyiqindən sonra Rusiya bu sazişin icrasını dayandırmışdı. 2015-cı ilin aprelində isə qərblə yaranan gərginliyi əsas gətirən rəsmi Moskva yenidən S-300-lərin İrana verilməsi ilə bağlı qərar qəbul edib.

Rusiya İranla S-300 hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı 1 milyard ABŞ dolları olan saziş imzalayıb.

Bundan sonra İran S-300-lərin alınması ilə bağlı Rusiyaya qarşı məhkəmə iddiasını geri götürüb.

Rusiya daha sonra “Bercam” nüvə müqaviləsi çərçivəsində S-300 raket əleyhinə müdafiə sistemlərini İrana çatdırılmasına başlayıb.