11/05/2018 11:16

“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib -FOTOLAR

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Finalda iştirak edən komandalar sıra meydanında yerlərini tutduqdan sonra yarış açıq elan edilib. Açılış mərasimində çıxış edənlər “Şahin”lərə gərgin mübarizədə uğurlar diləyiblər. Rəsmi mərasimdən sonra məktəblilər C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənəli marşla tribuna önündən keçiblər.

Sonra komandalar sıra hazırlığı, avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması, tüfəngdən hədəfə atəş açılması, kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, yaralının təxliyə edilməsi və digər tapşırıqları yerinə yetiriblər.

Yarışların nəticələrinə əsasən “Şahin” hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Sumqayıt şəhərinin komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Quba rayonunun komandaları yüksəliblər.

Sonda yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.