22/12/2015 20:30

Şahin Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları ilə görüşüb

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlarla görüşüb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən çəlumat verilib.

General-leytenant Ş.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyətindən danışıb. Komandan qeyd edib ki, bu baxımdan əsas diqqəti təlim və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəltmək günün vacib tələblərindəndir.

Hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbində nəzəri və praktiki təlimlərin peşəkar müəllim heyəti tərəfindən aparıldığını bildirən Ş. Məmmədov qeyd edib ki, məqsəd kursantların bilik və bacarıqlarının, ixtisas hazırlığının artırılmasından ibarətdir.

O, əlavə edib ki, bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların şəxsi heyəti hərtərəfli şəraitlə təmin olunub. Bütün bunlara baxmayaraq, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

Vəzifə borclarının tələblərindən irəli gələn tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini deyən general-leytenant Ş.Məmmədov çıxışı zamanı hərb peşəsinin, xüsusilə də zabit şərəfinin məsuliyyətindən də söz açıb. Komandan vurğulayıb ki, Vətənə sevgi, xalqa məhəbbət ruhunda tərbiyə olunan Daxili Qoşunların zabiti dövlət və dövlətçiliyin gücləndirilməsi, Azərbaycanın daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməməli, lazım gələrsə bu şərəfli yolda canından da keçməyə hazır olmalıdır.

Görüşün sonunda Daxili Qoşunlar Komandanı kursantları maraqlandıran sualları cavablandırıb, onların istək və arzularını dinləyib.

Sonra Ali Hərbi Məktəbdə təlim-tədris prosesinin təşkili, keçirilməsi və keyfiyyəti ilə tanış olan general-leytenant Ş.Məmmədov kursantlarla birgə nahar yeməyində iştirak edib.