06/11/2019 16:51

Şahin Məmmədov Türkiyə Jandarma zabitlərini qəbul edib

Noyabrın 6-da Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Daxili Qoşunlar komandanının müşaviri polkovnik Ömər Karabulutu və Daxili Qoşunlarda xidmətə yeni təyin olunan polkovniklər Mehmet Ali Bayer və Ali Rıza Gümüşü qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Daxili Qoşunlar ilə Jandarm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini vurğulayan general-leytenant Ş.Məmmədov Azərbaycan və Türkiyə arasında olan qarşılıqlı xoş münasibətlərdən danışıb, Türkiyə Jandarma Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan hər bir hərbi qulluqçusunun təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb. Polkovnik Ömər Karabulut, öz növbəsində, Daxili Qoşunlarda xidməti ezamiyyətdə olmaqdan məmnun olduğunu ifadə edərək, bu müddət ərzində ona göstərilən diqqət və qayğıya görə Daxili Qoşunların komandanına dərin minnətdarlığını bildirib.

General-leytenant Ş.Məmmədov, həmçinin, Daxili Qoşunlar komandanının müşaviri vəzifəsini icra edəcək polkovnik Mehmet Ali Bayerə və Ali Hərbi Məktəb rəisinin müşaviri vəzifəsini icra edəcək polkovnik Ali Rıza Gümüşə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki qardaş ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Görüşün sonunda polkovnik Ö.Karabuluta “Xidmətdə fərqləndiyinə görə” döş nişanı təqdim edilib və xatirə şəkli çəkilib.

Həmçinin general-leytenant Şahin Məmmədov noyabrın 13-də xidməti ezamiyyətini başa vuran Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Mustafa Gezeri, Ali Hərbi Məktəb rəisinin müşaviri polkovnik Hakan Başkayanı və yeni müşavirlər polkovnik Mustafa Çekiç, polkovnik Ömər Karabulutu qəbul edib.

General-leytenant Ş.Məmmədov, həmçinin, Daxili Qoşunlar Komandanının müşaviri vəzifəsini icra edəcək polkovnik M.Çekiçə və Ali Hərbi Məktəb rəisinin müşaviri vəzifəsini icra edəcək polkovnik Ö.Karabuluta qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda Daxili Qoşunların Komandanı polkovniklər M.Gezerə və H.Başkayaya “Xidmətdə fərqləndiyinə görə” döş nişanı təqdim edib və xatirə şəkli çəkilib.