15/02/2017 11:18

Samuxda sərhədçilərə silahlı müqavimət göstərən şəxs yaxalanıb

Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, 14 fevral 2017-ci il tarixdə saat 15:10 radələrində aşkarlanan sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb və silahlı müqavimət göstərərək qaçmağa cəhd edib. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar. İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyənləşdirilib və o, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.