13/01/2018 12:45

“Sarsılmaz” MPT-76 tüfənginin ilk prototipini hazırlayıb

Türkiyənin “Sarsılmaz” şirkəti Milli Piyada Tüfəngi – MPT-76-nın ilk prototipini hazırlayıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

2017-ci ilin fevralında Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) ilə “Sarsılmaz” şirkəti arasında Modern Piyada Tüfəngi (MPT) layihəsinə dair əlavə müqavilə imzalanıb. Müqaviləyə əsasən “Sarsılmaz” şirkəti Türkiyənin Quru Qoşunları, Hərbi Dəniz və Jandarma qüvvələri üçün 10000 ədəd MPT-76 tüfəngi istehsal edəcək.

Makina və Kimya Sənayesi Təşkilatı (MKE), “Kale Kalıp” və “Sarsılmaz” şirkətləri birlikdə Türkiyə Silahlı Qüvvələri üçün ümumilikdə 45 000 ədəd MPT-76 tüfəngi istesal edəcək.

Qeyd edək ki, MPT-76 tüfənginin istehsalına daha əvvəl başlayan MKE üzərinə düşən tədarükləri 2018-ci ilin martında başa çatdırmağı planlaşdırır. “Kale Kalıp” şirkəti isə bu günə qədər təxminən 500 ədəd MPT-76 istehsal edib.

7.62×51 mm çaplı MPT-76-nın çəkisi 4.18 kq, uzunluğu açıq halda 1000 mm, bağlı vəziyyətində 900 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir. Avtomatın atış tempi dəqiqədə 700 patron, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, güllənin sürəti isə saniyədə 800 metrdir.

Silahın yığılıb açılan ayağı eyni zamanda əl dəstəyi vəzifəsini icra edir. MPT-76 aksesuarları ilə birlikdə 413 hissədən ibarətdir.MPT-76-nın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.