31/05/2018 10:30

Saxta sənədlə Azərbaycana keçmək istəyən əcnəbilər saxlanıb

Saxtalaşdırılmış sənədlərlə Azərbaycana keçmək istəyən xarici vətəndaşlar saxlanılıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

May ayının 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib. Belə ki, “Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib. “Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub. “İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.