07/08/2018 10:59

Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

İyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.

İyulun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılan şəxsin Palistan vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.

İyulun 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib.

Avqustun 6-da “Samur” dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.