13/02/2017 10:20

Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir

Güclü ordu dövlətin və onun xalqının təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu gün xalqın ordumuza və onun Ali Baş Komandanına inamı son dərəcə böyükdür. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, soydaşlarımız öz ata-baba yurdlarına dönərək yenidən doğma torpaqlarında yaşayacaqlar.

Respublikamızda ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasını da ortaya qoymuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tebeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan MR Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.

Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə yarandığı 5 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdiril-məsi, vətəndaşların  hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir.

Xidmətin fəaliyyətinin daha səmərəli təşkil edilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə bəzi normativ-hüquqi aktlara dəyişikliklərin olunması, Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına rəy və təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi daim diqqətdə saxlanılan məsələlərdən olmuşdur.

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Xidmətin qarşısında təxirəsalınmaz tədbirlərin görülməsi zərurətini ortaya qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz halların qarşısını almaq üçün güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi təbliğatın gücləndirilməsi məqsədi ilə Xidmət tərəfindən Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə bir sıra tədbirlər həyata keçirilmişdir.  

Elektron xidmətlərlə yanaşı Xidmətin əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi də müsbət dəyişikliklərdəndir. Xidmətin Aparatında, həmçinin struktur bölmələrində vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması, ərizə və şikayətlərin araşdırılması və yaranmasına səbəb olan nöqsanların təhlili məqsədi ilə Xidmətin əməkdaşlarının “ASAN xidmət” mərkəzlərinə ezam edilməsi vətəndaşlar tərəfindən müsbət qarşılanmış və çoxsaylı müraciətlərin qarşısının alınmasına səbəb olmuşdur.

Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür.

Ötən müddəti Xidmətin beynəlxalq əlaqələrinin qurulması baxımından da uğurlu  hesab etmək olar. Təbii ki, Xidmətin beynəlxalq əməkdaşlıq qurduğu ölkələr arasında ilk olaraq qardaş ölkə Türkiyə Respublikasının adı çəkilməlidir. Səfərbərlik və çağırış işinin təşkilinə dair təcrübə mübadiləsinin əldə olunması məqsədi ilə Türkiyə Respublikasının nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Xidmətin əməkdaşları isə Türkiyə Respublikasına qarşılıqlı səfərlər etmişlər. Həmçinin, ABŞ-ın Oklahoma Milli Qvardiyasının Quru Qoşunlar komandanının başçılıq etdiyi nümayəndə heyətinin Xidmətin rəhbərliyi ilə görüşü təşkil edilmişdir.

“Vətənin müdafiəsinə hazıram!” tədbirindən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən illər ərzində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılması daim nəzarətdə saxlanılmış, çağırışaqədərki hazırlıq işinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Qeyri Hökumət Təşkilatları ilə birlikdə “Vətənin müdafiəsinə hazıram” adı altında regionlar üzrə silsilə tədbirlər, eləcə də ümumrespublika rəsm və “Sabahın əsgəri” yazı müsabiqələri keçirilmiş, tədbirlər gənclər tərəfindən böyük maraqla qarşılanaraq ictimaiyyətin rəğbətini qazanmışdır.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən veteranlara daim yüksək səviyyədə qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində dövlət proqramları həyata keçirilir. Milli Ordumuzun təşkil olunmasında vətənpərvərlik və fəallıq göstərmiş müharibə veteranları Xidmət tərəfindən də daim diqqətdə saxlanılmış və birgə tədbirlər həyata keçirilmişdir. Respublikamızın müxtəlif bölgələrində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə tədbirlər təşkil edilmişdir. Belə tədbirlərdən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin sədri Ruslan Auşev, Prezident Administrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak etmişlər. Tədbirdə 200-ə yaxın veterana, ümumilikdə isə bu kateqoriyadan olan 7000-dək müharibə veteranına yubiley medalı təqdim olunmuşdur. Eyni zamanda Böyük Vətən Müharibəsi illərində Ukraynanın faşist işğalçılarından azad olunmasında iştirak etmiş Azərbaycan Respublikasından olan müharibə veteranlarının fərqlənmə medalları ilə təltif edilmələri münasibətilə Ukraynanın Azərbaycandakı səfiri və digər rəsmi qonaqların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Xidmət ölkəmizin aparıcı kütləvü informasiya vasitələri ilə də əməkdaşlığı xüsusi diqqətdə saxlayır. Ötən müddətdə Xidmətin media ilə əlaqələri qarşılıqlı əməkdaşlıq şəraitində davam etmişdir. Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında KİV nümayəndələri arasında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Atıcılıq turnirləri təşkil edilmişdir. Xidmət tərəfindən hərbi vətənpərvərlik təbliğatının yüksəldilməsi və bu istiqamətdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin rolunun artırılması üçün media nümayəndələri arasında “Əsgərə məktublar” adlı yazı müsabiqəsi ictimaiyyətin diqqətini vətənpərvərlik mövzusuna yönəltməkdə bir vasitə olmuşdur.

 

2017-ci ildə Xidmətin qarşısında səfərbərlik hazırlığının, hərbi xidmətə çağırışın və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması, şəxsi heyətin məsuliyyətinin artırılması üzrə tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələr durur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün əməkdaşlarını 5 illik yubiley münasibətilə təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayıram.

Müşfiq Cəfərov