11/01/2019 14:30

Səfərbərlik Xidməti ilə Gənclər Fondu arasında memorandum imzalanıb

Yanvarın 11-də Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Memorandum vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır. Memorandumu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov imzalayıblar.

Xatırladaq ki, Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb.Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.