29/09/2017 13:15

Səfərbərlik Xidmətində 2017-ci ilin oktyabr çağırışı ilə bağlı müşavirə keçirilib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 2017-ci ilin oktyabr çağırışı ilə bağlı xidməti müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, tabelikdə olan struktur bölmələrin rəislərinin iştirakı ilə keçirilən xidməti müşavirədə Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edib.

A.Rəhimov 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair göstəriş və tövsiyələr verib.

Həmçinin 2017-ci ilin oktyabr çağırışının Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən şəffaf və mütəşəkkil şəkildə təşkil olunması, ötən çağırışlarda yol verilmiş nöqsanların təkrarlanmaması, aparılan təhlillər zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi, nizam-intizam məsələlərinə diqqətin artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, vətəndaşların müraciətlərinə baxılması işinin müvafiq qanunvericiliyin tələblərinə uyğun icra olunması tapşırılıb.

Çağırış prosesinin KİV-də və televiziya kanallarında işıqlandırılması üçün KİV nümayəndələrinə və televiziya işçilərinə lazımi şəraitin yaradılmasının zəruriliyi bildirilib.