12/08/2018 12:42

Səfərbərlik Xidmətində 5 yuxarı vəzifəli şəxs işdən azad edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

İclası giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası ilə bağlı SHXÇDX-da həyata keçirilmiş tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Xidmətin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin 4 yerli idarə, şöbə və bölmə rəisi, eləcə də Xidmətin tabeliyində olan 1 struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüblər.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verilib.