27/09/2019 15:51

Səfərbərlik Xidmətində xidməti müşavirə keçirilib

Sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov müşavi­rədə Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Xidmət rəisi Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsinin yüksək səviyyədə təşkil olunması istiqamətində görülmüş işləri, həmçinin qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.

General-leytenant Arzu Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması, təntənəli yolasalma tədbirlərinin mütəşəkkil qaydada həyata keçirilməsi və çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda Xidmət rəisi vətəndaş məmnunluğunun təmin olunmasının, vətəndaşların qə­bulu və müraciətlərinə baxılmasının, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin müvəffəqiyyətlə davam etdirilməsinin, nöqsanların aradan qaldırılmasının və neqativ hallara qarşı bundan sonra da kəskin mübarizə aparılmasının zəruriliyini  xüsusi vurğulayıb.