14/02/2019 18:33

Səfərbərlik Xidmətinin Goranboyda yeni tikilmiş inzibati binasının açılışı olub – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Goranboy rayon şöbəsinin yeni tikilmiş inzibati binasının açılışı olub.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Açılış mərasimində çıxış edən SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimov bildirib ki, Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğuna da müsbət təsirini göstərib. Yeddi il əvvəl yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ötən dövrdə səfərbərlik işinin təşkilində, çağırışçıların ordu sıralarına çağırılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bir sıra nailiyyətlər əldə edilib: “Biz bu nailiyyətlərin artırılması üçün çalışırıq. Qarşımızda çox ciddi və böyük tapşırıqlar durur. Xidmətin hər bir əməkdaşı bundan sonra da bütün səy və bacarığını səfərbər edəcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək”.

Xidmət rəisi əlavə edib ki, indiyə qədər qurumun maddi-texniki təminat bazasının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Xidmətin bir neçə rayon idarə və şöbələrinin inzibati binaları istifadəyə verilib. A.Rəhimov şəxsi heyəti qurumun yaranmasının 7 illiyi və yeni binanın açılışı münasibətilə təbrik edib və bundan sonra da həyata keçirəcəkləri işlərə daha məsuliyyətlə yanaşmalarını, dövlətə, Vətənə şərəflə xidmət etmələrini diqqətə çatdırıb.