16/11/2017 15:45

Səfərbərlik Xidmətinin rəisi Cəlilabadda vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı və Biləsuvar rayonlarının sakinlərini qəbul edib.

Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə qəbulda 35 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının hərbi xidmətə göndərilməsinə və təkrar tibbi müayinəyə cəlb olunmalarına köməklik göstərilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.