15/02/2018 16:44

Səfərbərlik Xidmətinin rəisi Qusarda vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qusar rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərindən 20 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarına möhlət hüququnun verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.