13/02/2019 16:13

Səfərbərlik Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub – FOTO

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ildönümü qeyd olunub.

SHXÇDX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məluamta görə, əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün Azərbaycan sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkənin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, ölkədə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Xidmət rəisi xüsusi vurğulayıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlət başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Xidmət rəisi əlavə edib ki, ötən dövrdə Xidmətin “Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkədə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin  rəsmi internet saytı bu il iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikanın rayonlarında da tədbirlər təşkil olunub.