13/02/2018 14:45

Səfərbərlik Xidmətinin yaranmasının 6-cı ildönümü qeyd olunub – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 6-cı ildönümü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır deyən A.Rəhimov qeyd edib ki, Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.

A.Rəhimov bildirib ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına dəyişikliklər edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı həmin qanuna əlavə olunub: “Bununla bağlı Ximət tərəfindən zəruri tədbirlər həyata keçirilib, Xidmətin aparatında müvafiq komissiya yaradılaraq vəsiqələrin nümunələri və verilmə qaydaları barədə təlimat hazırlanıb. Veteran adının verilməsi ilə bağlı müraciət etmiş şəxslərin sənədlərinə qanunvericiliyə uyğun baxılaraq 765 nəfərə veteran adı və vəsiqələri verilib”.

Xidmət rəisi qeyd edib ki, çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi Xidmətin fəaliyyətinin digər mühüm istiqamətlərindədir: “Hazırda müharibə şəraitində olan ölkəmizə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi Xidmətin üzərinə məhsuliyyətlər qoyur. Qeyd olunan məsələlərin tələb olunan səviyədə yerinə yetitilməsi məqsədi ilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağrışaqədərki hazırlığı, ilkin hərbi qeydiyyata alınması, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, müddətli həqiqi xidmətə çağrılması işinin təşkili istiqamətində də tərəfimizdən bir sıra işlər görülüb. Belə ki, ümumtəhsil müəssisələrində çağrışaqədərki hazırlıq fənninin tədrisinin müvafiq əsasnamənin tələblərinə uyğun təşkili və keçirilməsinin yoxlanılması, həmçinin əməli köməkliyin göstərilməsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Vətəndaşlar arasında hərbi vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın ayrı-ayrı rayonlarında “Vətənin müdafiəsinə hazıram” devizi altında vətənpərvərlik, maarifləndirmə xarakterli kütləvi silsilə tədbirlər keçirilib. Eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Cəsurlar” və “Şahinlər” hərbi-idman oyunlarında Xidmətin yerli idarə-şöbə bölmələrinin hərbi qulluqçularının yaxından iştirakındakı lazımi köməkliyin göstərilməsi təmin olunub. Çağırışaqədərki yaş həddində olan vətəndaşların hərbi xidmətə həvəsləndirilməsi, vətənimizin ərazi bütövlüyünün qorunması və dövlətçilik prinsiplərinə sadiqlik hisslərinin aşılanması üçün hər çağrış aylarında çağrışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması, ehtiyyata buraxılmış müddətli həqiqi hərbi qulluqçularının təntənəli qarşılanması tədbirləri həyata keçirilib”.

Qeyd olunub ki, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq, respublika vətəndaşlarının ilkin qeydiyata alınması təmin edilib və ötən müddət ərzində 1996-2001-ci il təvəllüdlü vətəndaşlar ilkin hərbi qeydiyyata alınıb. İlkin hərbi qeydiyyata alınma dövründə, vətəndaşların tibb müayinə işləri mütəmadi təhlil olunub və müalicəyə ehtiyacı olanların dövlət səhiyyə müəssisələrinə müalicəsinin təmin edilməsinə nəzarət edilib. A.Rəhimov bildirib ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlaması çərçivəsində Silahlı Qüvvələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün 17 yaşına çatmış vətəndaşların və çağrışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması təşkil olunub.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) filiallarında müvafiq ixtisaslar üzrə maddi texniki bazanın yaradılması təmin olunub və vətəndaşların sürücü, snayper, paraşütçü, rabitəçi və aşbaz kursları yaradılaraq ixtisaslar üzrə hazırlanması işi təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrin müddətli həqiqi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün çağrış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağrışa cəlb edilməsi və ximət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmətin qarşısında duran əsas vəzifələrdən olaraq icrası uğurla həyata keçirilmişdi. Vətəndaşlara göstərilən elektronik xidmətlərin tədbii ilə bağlı çağrışçıların müddətli həqiqi hərbi xidmət keçməsi üçün hərbi hissələrə təyin olunmaları ilə bağlı məlumatlar xidmətin saytında yerləşdirilməklə yanaşı 2017-ci ilin oktyabr çağrışından etibarən çağrışçıların SMS xidməti vasitəsiylə məlumatlandırılmasının tədbiqinə başlanılıb”, – deyə Xidmət rəisi vurğulayıb.

A.Rəhimov bildirib ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Qeyd olunub ki, ötən müddətdə elektron xidmətlərlə yanaşı, SHXÇDX əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi də müsbət dəyişikliklərdəndir.

Sonra, Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, Xidmətin 6 il ərzində görüdüyü işləri yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş etdirilib.