11/01/2017 14:46

Səlim Müslümov aprel döyüşlərində yaralanmış hərbçilərlə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbiçilərlə görüşüb.

Barədə “AzeriDefence” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.

Görüşdə çıxış edən nazir Səlim Müslümov prezident İlham Əliyevin ölkəmizin hərbi gücünün artırılması üçün həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində  bu gün Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında qüdrətli ordular sırasında olduğunu vurğulayıb. Nazir qeyd edib ki, 2016-cı ilin aprel ayında Ermənistan Ordusunun silahlı təxribatının qarşısının peşəkarcasına alınması, hətta hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin,  minlərlə hektar torpağın düşmən işğalından azad olunması Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi.

“Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz ölkəmizin işğal altında olan hissəsini qısa bir müddət ərzində işğaldan tam azad etməyə qadirdir”, – deyə nazir vurğulayıb.

S.Müslümov bildirib ki, prezidentin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müdafiə tədbirlərini həyata keçirib. Onlara müvafiq sosial təminat növlərinin, o cümlədən prezidentin aylıq təqaüdlərinin, müavinət və ya əmək pensiyalarının, habelə uşaqları, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri üçün müavinətlər təyin edilib. Həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazlar müəyyən olunub.

“Bununla yanaşı, aprel döyüşlərində yaralanmış hərbiçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar,  dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbiçilərin bir qismi ilə işlər davam etdirilir. Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbiçi isə protezləşməyə hazırlıq mərhələsindədir”.

S.Müslümov aprel döyüşlərində yüksək vətənpərvərlik göstərmiş hərbçilərin sosial təminatı və reabilitasiyası, Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan insanların ailələrinin sosial müdafiəsi yönündə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini, onların bundan sonra da daim diqqətdə saxlanacaqlarını vurğulayıb.

Mərkəzdə əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi şəraiti də nəzərdən keçirilib, burada ilk dəfə olaraq hazırlanmış MYO protez nümunəsi nümayiş etdirilib.

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son bir ildə 15 296 nəfər əlilliyi olan şəxsə (o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 723 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib.

ap