02/12/2019 15:30

Serbiya istehsalı olan zenit pulemyotlarını Dağlıq Qarabağ separatçıları necə əldə edib?

Dağlıq Qarabağdakı erməni separatçıları Serbiyadan zenit pulemyotları əldə ediblər.

“AzeriDefence”nin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 30-da Ermənistan Ordusu tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərinə səfəri zamanı ordunun arsenalında olan bəzi yeni silahlara baxış keçirib.

Video kadrlarda erməni silahlı birləşmələrinə məxsus MT-LB zirehli nəqliyyat vasitəsi üzərində Serbiyanın “Zastava Arms” şirkəti tərəfindən istehsal edilən 20×110 mm çaplı 3 lüləli M55A4B1 zenit pulemyotu yer alıb.

Adıçəkilən silah Ermənistan Ordusunun silahlanmasında (Dağlıq Qarabağda yerləşdirildiyindən separatçılarında demək olar) ilk dəfə görüntülənib.

Silahların nə zaman alınması və sayı barədə BMT Adi Silahlar Registrində məlumat mövcud deyil.

Müasirləşdirilmiş M55A4B1 zenit pulemyotları hidravlik servo sistem və atış-nəzarət kompüterinə sahibdir. Müasirləşdirmə nəticəsində silahın reaksiya imkanları yüksəldilib ki, bu da hədəfi daha sürətlə təqib etməyə və atəş açamağa imkan verir.

Qeyd edək ki, Serbiya bundan əvvəl Ermənistana 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi (“Zastava Arms” şirkətinin istehsalı) satmış və adıçəkilən silahların önəmli hissəsi Ermənistan Ordusuna deyil, Dağlıq Qarabağ separatçılarına ötürülmüşdü.

Cari ilin fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 beynəlxalq müdafiə sərgisində Ermənistanla Serbiya arasında snayper tüfəngləri üçün hissələrin və yeni snayper tüfənglərinin satın alınmasına dair razılaşma imzalanıb.