16/07/2018 17:46

Serbiya Ordusu yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

Serbiyanın PASARS-16 qısa mənzilli hava hücumundan müdafiə sisteminin ordu sınaqlarının ilkin mərhələsi yekunlaşıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələrinin taktiki atış təlimlrində sınaqdan keçirilən PASARS-16 “Terminator”un sınaqları uğurla nəticələnib.

6×6 FAP 2026 hərbi yük maşını üzərinə inteqrasiya olunan zirehli kabinə “Bofors” 40 mm-lik topla dəstləşdirilib. İki operator tərəfindən idarə olunan sistemə RLN-1C raketinin komplektləşdirilməsi mümkündür. Topla 4 min metr atış mənzilinə sahib olan PASARS-16 “Terminator” raket ilə təchiz edildikdə 12 min metr məsafədə hədəfi vura bilir.

Hava hücumundan müdafiə sisteminin geniş testlərinin 2018 il içərisində tamamlanması və sonra sistemin Serbiya Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılıb.