26/12/2018 18:38

Serbiya Ordusunun yeni döyüş maşını “Lazar-3” – FOTO

Serbiya Silahlı Qüvvələri “Lazar-3” zirehli döyüş maşınlarını silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” Serbiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

8×8 təkər formuluna malik “Lazar-3” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Zirehli maşının çəkisi 24-26 ton, döyüş ağırlığı 28 tondur. Maşın komandir, sürücü və atıcı daxil olmaqla 12 heyəti daşıma qabiliyyətinə sahibdir.

“Lazar-3” məsafədən idarə olunan döyüş modulu ilə təchiz olunub. Maşının uzunluğu 7920 mm, eni 2950 mm, hündürlüyü 2320 mm təşkil edir. 60 dərəcə bucaq altında dik, 30 dərəcə bucaq altında yana maili maneələri dəf edə bilir.

Maksimum sürəti 110 km/saat təşkil edən maşın maksimum 0,55 metr dik maneələri, 2 metrədək xəndək maneələrini keçmək qabiliyyətindədir. Dönmə radiusu 11,5 metr təşkil edir.

Zirehli maşının ballistik mühafizəsi NATO-nun STANAG 4569 standartının 4-cü səviyyəsinin tələblərinə cavab verir. Qabaq hissəsinin ballistik mühafizəsi isə STANAG 4569 standartının 5-ci səviyyəsindədir. Minaya qarşı qoruması STANAG 4569 3A və 3B (korpusun altında 8 kq, təkərin altında 14 kq TNT partlayışına, yanda 50 kq partlayıcıya) səviyyəsinə cavab verir.