09/06/2017 14:05

Serbiya prezidenti Qazaxıstanın zirehli texnikaları ilə tanış olub

Bu gün Astanaya rəsmi səfəri çərçivəsində Serbiya Respublikasının prezidenti Aleksandr Vucic Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkətində olub.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Paramount Engineering” şirkətindən məlumat verilib.

KPE şirkətinin baş direktoru Yerbol Səlimov prezident A.Vucicin rəhbərlik etdiyi nümayəndə heyətinə müəssisənin istehsal imkanları və inkişaf perspektivləri barədə danışıb.

Serbiya prezidenti KPE şirkətinin struktur avadanlıq və istehsal potensialının səviyyəsini yüksək qiymətləndirib.

KPE müəssisəsində istehsal olunan “Arlan” çoxməqsədli zirehli maşını, “Nomad” (“Maverick”) adlı daxili təhlükəsizlik maşını (ictimai asayişin pozulması zamanı istifadə üçün), 6×6 və 8×8 təkər formuluna malik “Barıs” (“Mbombe”) zirehli döyüş maşını A.Vucicin böyük marağına səbəb olub.

Serbiya tərəfi KPE şirkəti ilə səmərəli əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, KPE Mərkəzi Asiyada MRAP tipli zirehli nəqliyyat vasitələrini ilk istehsal edən şirkətdir.