27/12/2017 11:32

Sergey Çemezov: Türkiyəyə S-400-lərin ilk partiyasının 2020-ci ilin martında çatdırılması planlaşdırılır

Türkiyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi alacaq

Türkiyə Rusiyadan S-400 hava hücumuna qarşı müdafiə sistemini əldə edən birinci NATO ölkəsidir.

“AzeriDefence”nin məlumatına görə, bunu “Kommersant” nəşrinə müsahibəsində Rusiyanın “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyadan 2,5 milyard ABŞ dolları dəyərində S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) 4 divizionunu alacaq.

S.Çemezov bildirib ki, Rusiya və Türkiyənin Maliyyə nazirlikləri S-400 ZRK-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar.

“Yalnız yekun sənədləri təsdiqləmək qalıb. Müqaviləyə əsasən ümumi məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. S-400-lərin ilk partiyasının sifarişçiyə çatırılmasına 2020-ci ilin martından başlamağı planlaşdırırıq”, – deyə S.Çemezov əlavə edib.

Qeyd edək ki, Moskva və Ankara cari ilin sentyabr ayının ortalarında S-400 komplekslərinin tədarükü haqqında müqavilə imzalayıb.

“Triumf” S-400 zenit-raket kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.