28/06/2017 13:41

“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi-idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 məktəbinin 705 şagirdi iştirak edib.

İlk iki mərhələnin yekunlarına görə 8 komanda – Naxçıvan MR Naxçıvan şəhər 2 №-li tam orta məktəbinin “Şimşək”, Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbinin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin”, Astara rayonu Şiyəkəran kənd 2 №-li tam orta məktəbinin “Şimşək”, Xaçmaz rayonu Xudat şəhəri 3 №-li tam orta məktəbinin “Xudat”, Qəbələ rayonu Abrıx kənd tam orta məktəbinin “Abrıx”, Zaqatala rayonu Danaçı kənd tam orta məktəbinin “Alazan”, Ağstafa rayonu Sadıxlı tam orta məktəbinin “Zirvə” komandaları finala vəsiqə qazanıb.

Oyunların final mərhələsi iyun ayının 19-dan 24-dək DSX-nin Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, bir sıra maraqlı ekskursiyalara aparılıb, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılıblar.

Final mərhələsinin yekunlarına görə Naxçıvan şəhər 2 №-li tam orta məktəbinin “Şimşək” komandası birinci, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutub.

İyunun 24-də DSX-nin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə DSX, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.