04/07/2018 11:18

“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib – FOTO

İyul ayının 3-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümünə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 34 sərhədyanı və digər rayonların 178 məktəbinin 890 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda – Naxçıvan MR Babək rayonunun Neh­rəm kəndinin 2 №-li tam orta məktəbin “Babək”, Beyləqan rayonu Araz qəsəbəsinin 1 №-li tam orta məktəbin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran şəhər Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonu Vəndam kənd tam orta məktəbinin “Vəndam-1”, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonu 5 №-li tam orta məktəbin “Çeviklər”, Qazax rayonu 1-ci Şıxlı kənd tam orta məktəbinin “Dəli Kür”, Qusar rayonu Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 №-li tam orta məktəbin “Xəzər” komandaları finala vəsiqə qazanıblar.

Oyunların final mərhələsi iyun ayının 25-dən iyul ayının 3-dək Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verilib.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tə­rəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvü­nə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunmuş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışlarına keçirilib.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 saylı tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutublar.

İyul ayının 3-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulanıb.

Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.