27/05/2019 10:40

“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 36 sərhədyanı və digər rayonlarının 207 məktəbinin 1035 şagirdi iştirak edib.

Oyunların final mərhələsi may ayının 18-dən 24-dək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə oluinması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunub, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışlarına keçirilib.

Final mərhələsinin yekunlarına görə Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin “Araz” komandası birinci, Siyəzən şəhərinin 1 №-li tam orta məktəbinin “Sərhədçi” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutublar.