21/05/2019 11:55

“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin açılış mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Sərhəd” hərbi-idman oyununun Respublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli sərhəd strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində DSX-nin sürətlə inkişaf edərək ölkənin sərhədlərini ən müasir standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin  birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, mənəvi və fiziki cəhətdən saglam gənclərin yetişdirilməsində, onlarda Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında və sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi olaraq vurğulanıb.

Üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyununlarında bu il respublikanın 36 rayonunun 207 mək­təbindən 1035 şagird qatılıb. İlk iki mərhələnin yekunlarına görə 10 komanda – Naxçıvan, Astara, Mingəçevir və Siyəzən şəhərlərinin, Beyləqan, Cəlilabad, Xaçmaz, Oğuz, Zaqatala və Şəmkir rayonlarının tam orta məktəblərinin komandaları finala vəsiqə qazanıb.

“Sərhəd” hərbi-idman oyununun final mərhələsində komandalar “Sərhəd pozucusunun yaxalanması və onun təxliyyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə oluinması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışlarına keçiriləcəkdir.