17/08/2017 21:18

Sərhəd Qoşunlarının istifadə etdiyi raketlər Rusiya və Ukrayna mətbuatının gündəmi olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xəzər dənizində keçirdiyi təlimlərdə istifadə edilən yeni silah sistemlərinə Rusiya və Ukrayna mediasında geniş diqqət yönəldilib.

“AzeriDefence”nin məlumatına görə DSX helikopterindən LAHAT raketi ilə atışlar “Voennie Obozreniya”- “Topwar”, BMPD digər populyar saytlarda yer alıb.

İnternet saytlarında yer alan materiallarda qeyd olunur ki, Mi-17 helikopterləri LAHAT raketi ilə silahlandırılıb.  Azərbaycan LAHAT-ın helikopter variantının birinci məşhur xarici sifarişçisi kimi təqdim olunub.

Rus hərbi mediasının Azərbaycanın ilk dəfə atışlarını nümayiş etdiriyi İsrail istehsalı olan bu müasir tank əleyhinə raketlərə xüsusi diqqət ayırması müşahidə olunub.

Qeyd edək ki, LAHAT (LAser Homing ATtack missile) raketinin atış mənzili helikopterdən atıldıqda 13 km-dəkdir. Yarıaktiv özütuşlanan lazer başlığa malik LAHAT hazırda bazardakı Rusiya və Ukrayna istehsalı olan analoqlarını bütün parametrlərinə görə üstələyir.