18/08/2017 12:48

Sərhəd Xidmətinin dəniz təlimində daha bir yenilik – “Hermes-900” PUA-dan istifadə edildi – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) avqust ayının 11-dən 14-dək Xəzər dənizində keçirdiyi taktiki təlimlərdə bir sıra yeni silah və texnikasını ilk dəfə görüntüləyib.

“AzeriDefence”nin məlumatına görə, təlimlərdə “Tufan” layihəli gözətçi gəmilərindən 25 km mənzilə sahib “Spike NLOS” idarə olunan raketlərlə sahildəki hədəfə atəş açılıb. Eyni zamanda DSX-nə məxsus Mi-17 helikopterindən llazer başlıqlı LAHAT tank əleyhinə idarə olunan raketlə atışın foto və videosu yayımlanıb (Ətraflı bax).

DSX-nin dəniz təlimidəki digər yenilik isə “Hermes-900” tipli PUA-dan istifadə olub. Görüntülərdə  vurulan hədəflərin izlənilməsinin “Hermes-900” PUA ilə həyata keçirildiyi əksini tapıb. Videodakı ekran bilgilərinə görə, vurulan gəminin görüntüsü 5030 metr yüksəklikdən “Hermes 900” taktik PUA vasitəsi ilə çəkilib.

Bununla da Azərbaycan “Hermes 900” PUA-na malik olduğunu ilk dəfə nümayiş etdirib.

Qeyd edək ki, “Hermes – 900” PUA 9100 metr yüksəkliyə dırmana və havada fasiləsiz 36 saat uçuş edə bilir. PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir. “Hermes 900”ün faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.